Xan bağı - Sərdar bağı Qafqazın və Azərbaycanın ən qədim parklarından biridir. Sərdar bağı qala divarları ilə bir vaxtda Hicri təqvimlə 996-cı ildə salınıb və onun 414-415 illik tarixi var. Lakin tarixi mənbələr bu bağın türk Fərhad paşanın oğlu - Mehmet paşa oğluna məxsusluğunu və 1582-ci ildə salındığını yazırlar. O, Qara dəniz sahilindən, xüsusilə Batumidən hündürlüyü 3-4 metr olan Xamerops palması, Himalay ked-rası, Bambuq ağacı, Yunan qozu, Suriya qızılgülü, Yapon soforası, rozmarina və s. ağac və bəzək kolları gətirdib əkdirmişdi. Həmin bağın inkişafı bilavasitə Gəncə xanlığı - Ziyadxan oğulları və daha sonra Cavadxan Ziyad oğlunun adı ilə bağlıdır. Xan vaxtı ilə Gəncə ətrafında olan qalın meşəliyin səfalı bir guşə-sində istirahət bağı salmaq fikrinə düşür. Odur ki, park XVII əsrdə keçmiş Gəncə şəhərinin Xan sarayının yanındakı meşəlikdə salınmışdır. İlk dövrdə meşə-park tipində təşkil edilmiş bu yeganə park quruluşu və növ tərkibinə görə sonralar daha da zənginləşmişdir.
Gəncənin işğalından əlli bir il sonra Tiflis hərbi qubernatoru Gəncənin baş planının hazırlanmasına göstəriş vermişdir (1856). Bu yeni layihədə bağın abadlaşdırılması da nəzərdə tutulmuşdu. Çünki 1804-cü il-də P. D. Sisyanovun top atəşləri, 1826-1828-ci il Rus-İran müharibəsi bağa çox ziyan vurmuş, dörd yüzdən çox yaşı olan çinarlar od tutub yanmış, məhv edilmişdi. 21 iyun 1857-ci ildə Zaqafqaziya ölkəsi tikinti komissiyasının hazırlayıb təqdim etdiyi layihədə göstərilir ki, şəhəri qədim Gəncə çayı (qədim adı Darurançay) iki yerə bölür və hər iki tərəfdə üzüm bağları uzanıb gedir. Sərdar bağı birinci hissədə qalır.
Park əvvəlcə "Xan bağı" (1804), sonralar "Sərdar bağı" (Qubernator bağı - 1840-1847) adlandırılıb. 1850-ci ilə qədər o, əsasən meyvə bağı olmuşdur. 1860-cı ildə isə bağa dekorativ görkəm verilmişdir. 1868-ci ildə Gəncəyə quberniya statusu verildikdə, imperatorun tapşırığı ilə onun baş planı hazırlandı. Sərdar bağında inşaat işi aparıldı. Nadir ağac növləri və bəzək kollarının sayı azaldı. 1873-cü ildə şəhərin yeni planını baş arxitektor İ.İ.Krijiştaloviç hazırladı. Bu layihəni imperator III Aleksandr imzaladı. Əvvəlkilər-dən fərqli olaraq bu layihəyə əsasən, bağa yeni ağac və gül növləri: Ağ akasiya, Katalon, Kiparis, Eldar şamı, Sabina şamı, Nar, Yapon xurması, cəhrayı çiçəkli Oleandr və başqa ağac və gül gətirildi.
İ.İ.Krijiştaloviç baş arxitektor təiyn edildikdən az sonra bağa heykəllər qoyuldu və ətirli ağaclar əkildi. Lakin o, 1887-ci ildə şəhərin yeni layihəsini hazırlayarkən bağda ağacları kəsməklə tikinti işləri aparmışdır. 1899-cu ildə park yenidən qurulmuş, Batumidən gətirilmiş həmişəyaşıl bitkilər hesabına zənginləşdirilmişdir. Şəhərə gələn yadelli tacirlər Gəncə xanına bəxşiş olaraq müxtəlif ölkələrdən bitkilər gətirərək, hədiyyə kimi ona təqdim etmişlər. Ayrı-ayrı subtropik mənşəli bitkilərin parkda olması dediklərimizi təsdiq edən amildir. Əvvəllər park bağlı saxlanmış, orada ancaq zadəgan ailələri istirahət imkanına malik olmuşlar.
Park bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb. Daxilində xiyabanlar salınmış, yay teatr binası, müxtəlif istirahət guşələri, su hovuzları fəvvarələr tikilmişdir. Vaxtilə beş yüzdən artıq ağac və gül növü olan Gəncənin bağında bunların 150 növü vegetativ həyat sürürmüş. Bütövlükdə Gəncə yaşıllıqlara bürünən şəhərlərdən biri olmuşdur. Burada çox qədimdən özünəməxsus şəhərsalma planı vardı.
İşğaldan sonra rus çarı yalnız Gəncənin deyil, bağın da adının dəyişdirilməsi barədə fərman vermişdi: "Yelizavetpoldakı (Gəncədəki -S.Ş.) bağ 1847-ci ildə Qafqaz sərdarı knyaz M.S.Vorontsovun şərəfinə adlansın".
Fərmandan sonra dövlət bankı 2350 manat xərc çəkib Krımdan buraya bir milyon iki yüz min ədəd müxtəlif növ ağac, meyvə, gül və bəzək kolları gətirmişdir. Ümumi sahəsi 5 hektara qədər olan park tərkibi-nə və orada bitən ağac və kol cinslərinin növ zənginliyinə görə Azərbaycanda yeganə və əvəzsizdir. Parkda bir çox nadir tapılan, nəsli kəsilməkdə olan ağac cinsləri var. Onlardan Himalay sidri, maqnoliya, yapon əzgili, hind qozu, bambuk və s. maraq doğurur.
Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr düzəldilmişdir.
Parka girərkən ilk baxışdan nəzəri öz quruluşuna görə Zaqafqaziyada yeganə olan çinar xiyabanı və bun-ların arasında yerləşdirilmiş yelpikvari palmalar cəlb edir. Bunların arasında başı göylərə ucalan Himalay sidrləri, uzun iynəli və gözəl görkəmli sallaq budaqları ilə səciyyələnən Himalay şamları görünür. Bunlarla yanaşı adi küknar, həmişəyaşıl sərv ağacı, Pitsunda və Krım şamları, qara şam, Qafqaz palması, müxtəlif növ ağ şamlar, pekelman küknarı, atlas sidri, Şərq tuyası və digər qiymətli həmişəyaşıl ağac və kol cinsləri parka xüsusi gözəllik verir. Parkda olan enliyarpaq ağaclar da müxtəlif və rəngarəngdir. Əsas əhəmiyyət daşıyan bu ağac və kol cinsləri elə seçilmişdir ki, birinin çiçək açması və yaxud dekorativ gör-kəm verməsi qurtaranda bu xüsusiyyətlər digər növdə özünu biruzə verir.
Park şəhərin havasının saf qalmasında, yay mövsümündə qızmar günəşin, qışda soyuq küləklərin qarşı-sının alınmasında müstəsna rol oynayır.
300 illik tarixə malik olan bu qədim, zəngin və nadir təbiət abidəsini qorumaq hamının borcudur. Fikrimizcə, qədim Xan-Sərdar bağı nadir təbiət abidəsi kimi qeydə alınmalı, ona Gəncə Milli Parkı statusu verilməli və parkın elmi əsaslarla mühafizəsi üçün müvafiq tədbirlər görülməlidir. Əminik ki, Gəncə şəhər İcra Hakimiyyəti, Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Respublika Tarixi və Təbiət Abidələrinin Mühafizəsi İdarəsi və respublikanın digər əlaqədar təşkilatlar parkın mühafizəsi üçün müvafiq tədbirlər görəcəklər.
Mənbə- www.faktxeber.com
No comments:
Post a Comment